[:az]AXCP Gənclər Komitəsinin üzvü Emin Maniyev oktyabrın 29-da saxlanılıb. Olay saat 11:30 radələrində Bakı Apellyasiya Məhkəməsinin qarşısında baş verib.
Məhkəmədə Milli Şuranın 19 oktyabrda keçirdiyi mitinqdən öncə və aksiya günü həbs olunan iki cəbhəçinin – Abdulla Mahmudov və Cabbar Savalanlının apellyasiya şikayətinə baxılırdı.
E.Maniyev də həmin məhkəmə iclaslarında iştirak etməyə gəlmişdi. E.Maniyev məhkəmə binasından çıxanda ətrafdakı mülkigeyimli şəxslərdən dörd nəfər onu tutub, «Mercedes» markalı, 90-OE-414 dövlət nömrə nişanlı maşına oturdublar. Həmin vaxt olay yerində olan digər AXCP üzvləri gənc fəalın hansı səbəbdən saxlandığını, hara aparıldığını soruşsalar da, onlara heç bir cavab verilməyib.
Oktyabrın 19-da Milli Şura Bakının mərkəzində mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Polis müdaxiləsi zamanı AXCP sədri Əli Kərimli də daxil olmaqla, çox sayda xəsarət alanlar olub.
Aksiya başa çatandan sonra Bakı Baş Polis İdarəsinin yaydığı məlumata görə, aksiya iştirakçılarından 60 nəfər saxlanılıb, onlardan 42 nəfərinə xəbərdarlıq edilərək buraxılıb. 18 nəfərin işi hüquq-mühafizə orqanlarına göndərilib.
Azadlıq Radiosu[:]