[:az]
Tbilisidə beynəlxalq konfransı keçirilir
Oktyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisidə ATƏT-in Cənubi Qafqazda azadlıq və təhlükəsizlik məsələləri üzrə ikigünlük konfransı açılıb. Tədbirdə region ölkələrinin jurnalistləri, rəsmi şəxslər, həmçinin beynəlxalq ekspertlər iştirak edirlər.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir konfransın açılışında deyib ki, Cənubi Qafqazda jurnalistlərin təhlükəsizliyi fundamental ifadə azadlığının tərkib hissəsidir. O, plüralizm azadlığının inkişafının vacibliyini qeyd edib.
Konfransın panelində çıxış edən “Sərhədsiz reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktoru Yohann Bir Azərbaycanda KİV probleminə xüsusi diqqət yönəldib.
O, Azərbaycan hakimiyyətini jurnalist Əfqan Muxtarlını azad etməyə və onun vəkillərinə təzyiqləri araşdırmağa çağırıb.
Y.Bir qeyd edib ki, Azərbaycanda insan hüquqları pozucularına qarşı Maqnitski qanununda nəzərdə tutulan sanksiyalar tətbiq edilməlidir.
Öz növbəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Mehman Hüseynov Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinin vacibliyini bildirib. Bu məsələnin həllindən ötrü beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqları probleminə diqqət yetirməlidirlər.
Jurnalist-frilanser Arzu Qeybulla Azərbaycanda qadın jurnalistlərə təzyiqlər barədə danışıb.
Ermənistan və Gürcüstan nümayəndələri deyiblər ki, onların ölkələrində jurnalistlərin təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşir.
Ermənistan nümayəndəsi ölkədə informasiya əldə etməyin çətinliyini qeyd edib.
Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov Y.Biri Azərbaycana qarşı qərəzlilikdə və qarayaxmada ittiham edib. O həmçinin qeyd edib ki, Əfqan Muxtarlının vəkili Nemət Kərimli prosedura uyğun olaarq axtarışa məruz qalıb.
Azərbaycan XİN nümayəndəsi Leyla Abdullayeva deyib ki, ayrı-ayrı şəxslərin hüquqlarının pozulmasından danışarkən 1 mln. azərbaycanlı qaçqının hüquqlarının pozulmasından danışmayıb.
Öz növbəsində Y.Bir deyib ki, onun informasiyası daha dərin araşdırmalara əsaslanır. Bu araşdırmalar bütün dünyada aparılır və Azərbaycan mətbuat azadlığı indeksində 166-cı yerdədir.
M.Hüseynov deyib ki, onun anasının ölümü barədə rəy indiyədək ailəsinə verilməyib və prokurorluq heç bir araşdırma aparmayıb.
Bu, belə güman etməyə əsas verir ki, hakimiyyətdəki müəyyən qüvvələr onun anasının ölümündə maraqlı olub. Konfrans davam edir.
Konfransın proqramına rəqəmsallaşma dövründə keyfiyyətli jurnalistika və kütləvi informasiya vasitələri; siyasi dəyişikliklər zamanında jurnalistlərin təhlükəsizliyi; KİV azadlığı və plüralizm üçün normativ mühit; regionda KİV azadlığının inkişafının ümumi mənzərəsi müzakirə olunacaq.
Meydan Tv[:]