“ADO”ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar”
Mədəniyyət Nazirliyi “ADO” teatrına küçə tamaşaları nümayiş etdirməyi icazə verməyib.
Teatrın saytında dərc edilən məlumata görə, bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət olunub.
“26 sentyabr 2019 tarixində nazirliyin əməkdaşı Könül Cəfərova teatrın rəhbəri Elmin Bədəlova nazirlik tərəfindən küçə performanslarına konkret olaraq “yox” cavabı verildiyini bildirib. Nazirliyin əməkdaşı səbəblər haqda məlumat verməyib. Bu məsələdə “ADO”ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar”, – məlumatda deyilir.
Bundan başqa qeyd edilib ki, “ADO” 2 ildən çox idi ki, nazirlik və Bakı şəhəri icra hakimiyyətinə müraciət edirdi.
“Nazirlik isə hər dəfə bu məsələnin onların səlahiyyətində olmadığını, bu işə meriyanın baxdığını deyirdi. Meriya isə bu məsələdə nazirliyin rəyinin vacibliyini vurğulayırdı. ADO`nun son müraciətinə Mədəniyyət Nazirliyi “yox” cavabı versə də meriyadan hələki konkret cavab verilməyib”.
Meydan TV