[:az]”Semaşko”da xəstələr apteklərdən lazımi vəsaitləri almadan onları müalicə etmirlər[:]

tərəfindən Gozetci

[:az]

Jurnalistin 1 saylı Bakı Kliniki Xəstəxanasında müşahidələri

Palatada torsuz pəncərələrdən girən ağcaqanadlar uçuşur, tavanda bəzi lapmalar yoxdur, hər bir xəstənin yanında gündüz qohum-əqrəbası yığışır, bəziləri xəstəxana palatalarında oturur, heç bir ziyarətçinin üstündə xələt yoxdur. Həkimlər xəstəni dövrəyə alan qohumların arasından soxularaq xəstəni müayinə etmək məcburiyyətindədir. Tibb bacıları xəstələrin tualet və müalicə prosedurlarını yerinə yetirə bilməsi üçün ziyarətçiləri dəhlizə qovur, amma “qonaqlar” tezliklə geri qayıdır, sanki onlar daim palatada olduqda xəstə daha tez sağalır. Tualetlərdə heç bir qurğu işləmir, qırıq kranlardan su yerə axır, sabun və dəsmal yoxdur. Yanına yaxınları gəlməyən xəstələr xəstəxananın verdiyi yeməklə qidalanır. Jurnalistin sualına cavabda xəstələr deyiblər ki, yeməyin keyfiyyəti normaldır.

Tibb bacıları xəstələrin yanında xəstədən beş manat alan və bu pulu “qanuni sahibinə” çatdırmayan həmkarlarını yüksək səslə müzakirə edirlər. Dərman, tibbi şpris və digər zəruri vəsaitlər üçün qohumlar həkimin tövsiyə etdiyi aptekə göndərilir və onları öz pulları ilə alır. Təmiz yataq dəsti və xəstə baxıcılarının, tibb bacılarının və həkimlərin işi üçün personal nağd pulla ödəniş tələb edir. Xəstə tibbi prosedurlar qəbul edirsə, onun 1 saylı Bakı xəstəxanasının (el arasında “Semaşko”) şöbələrindən birində bir gün qalması ailəyə ən az 100 manata başa gəlir. Azərbaycan Bakıda Səhiyyə Nazirliyinin ən köhnə xəstəxanasının bir şöbəsində üç gün malicə almış jurnalistin müşahidələri belədir.

Birinci gün onu prosedur qəbulu üçün kişilərlə bir palataya yerləşdiriblər. İkinci gün o, altı qadının olduğu palataya köçürülüb, belə ki, boş yer yox idi, ikinəfərlik bir palata isə xəstə tərəfindən özü və qohumunun qalması üçün “alınıb”.

Ona görə ad və ünvan göstərmirik ki, tibb müəssisəsinin heyətinin xəstənin peşəsi haqqında məlumatı yox idi, kiminlə açıq danışdığını bilmirdi və dəqiq məlumatlar açıqlanarsa, bu insanlar işini itirə bilər. Əslində, məqaləni oxuyarkən məlum olacağı kimi, onlar səhiyyə nazirindən də yuxarı səviyyədə yaradılmış şəraitin təqsirkarı deyil, qurbanıdırlar.

Əvvəllər Semaşko adına xəstəxana, hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanası 1912-ci ildə tikilib və əvvəlcə Musa Nağıyev xəstəxanası adlandırılırdı. Sovet illərində xəstəxananın mərkəzi binalarına çox sayda bina əlavə edilib. Azərbaycanın müstəqillik illərində 1 saylı Kliniki Xəstəxananın bölmələrində əsaslı təmir aparılıb – divarlar ağardılıb, içəridəki arakəsmələr şüşə arakəsmələrlə əvəz edilib və tavanlarda spot-lampalar quraşdırılıb. Amma sanitar qovşaqlarda kafellər ayaq altında “gəzir”, şöbənin bayır qapıları isə həbsxana qapılarını xatırladır.

“Dəhşət axşam, sərxoşlar və narkomanlar, küçə davalarının qurbanları və kimsəsizlər – dərdini başa sala bilməyən, özünü qeyri-adekvat aparan, döyülmüş və palçıq içində olan xəstələri gətirəndə başlayır”, deyə şöbənin “Bakı həkimi” ağır peşə yolunu keçmiş həkimi müxbirə danışıb.

O, gəncliyində Tibb İnstitutuna daxil olduğuna peşmandır və həkim olmağa can atan Tibb Universiteti tələbələrinə yazığı gəlir. Hazırda bu ali məktəbin məzunları “uzman” statusu almaq üçün Türkiyəyə getməyə çalışırlar, amma Türkiyədə konkret xəstəliklərin müalicəsi üçün sırf təcrübi biliklər alırlar. Orada onlara tibb nəzəriyyəsi öyrətmirlər, uzmanlar elementar Uxtomski dominantı (sinir sistemi dominantı və qonşu sistemlərin tormozlanması) haqqında eşitməyiblər. “Xəstəxanalara hazırlıqsız həkimlər gəlir. Yaşlı, sovet nəsli getdikcə xəstələri müalicə edəcək adam qalmayacaq”, deyə həkim bildirib.

“Su başdan bulanır”, o, məşhur atalar sözünü yada salıb. Həkim nazir Oqtay Şirəliyevin Azərbaycanın bütün səhiyyə sisteminə rəhbərlik etmək və onu müasirləşdirmək iqtidarında olmadığını hesab edir. O, nazirin Avropada təhsil aldıqdan sonra qayıdıb yeni işə başlayan həkimlərdən təəssüratlarını soruşduğunu, Almaniyada gördüklərini bizim xəstəxanalarla müqayisə etməyi xahiş etdiyi barədə danışıb. Gənclər nazirə bizim xəstəxanalara olan iradlarını bildiriblər və … işdən qovulublar.

Jurnalist xəstəxananın tibbi heyətindən əmək haqlarını soruşub. Tibb bacısı ayda 180 manat, ixtisaslı təcrübəli həkim 540 manat alır. Xəstəxana ən bəsit vəsait – bint, şpris, az sayda ucuz dərman və ağrıkəsici istisna olmaqla, dərman və digər tibbi preparatları pulsuz vermir. Xəstələr apteklərdən lazımi vəsaitləri almadan müalicə qeyri-mümkündür. Evə taksi ilə getmək məcburiyyətində qoyan gecə növbələrini nəzərə alsaq, heyətin xəstələrdən “nağd” aldığı pul olmadan həkimlər, xəstə baxıcıları və tibb bacıları yaşaya bilməz.

2020-ci ildə Azərbaycanın səhiyyə sistemi icbari tibbi sığortaya keçəcək. 1 saylı Şəhər Xəstəxanasının şöbəsindəki mənbə hesab edir ki, bu yenilik xəstələr və tibbi heyət üçün, demək olar ki, heç nəyi dəyişdirməyəcək. Minimum sığorta hər bir xəstəliyin müəyyən edilmiş müalicə protokoluna uyğun şəkildə məhdud sayda tibbi proseduru və dərmanları ödəyəcək. İslahat heyətin əmək haqqında və xəstəxananın maliyyələşməsində əksini tapmayacaq. Deməli, Azərbaycanda xəstələrin tibbi müəssisələrin işçilərinə rüşvət verməsi, dərman və s. vəsaiti apteklərdən öz hesabına alması davam edəcək, deyə həkim izah edib.

O, prezident İ.Əliyevin “Semaşko xəstəxanasının” təmirdən çıxmış tibbi binasında qəbul edildiyi gün ərazidə iki palma peyda olduğu, prezidentin səhiyyə nazirinin təklif etdiyi təmir edilmiş obyektə baxış keçirdiyi, digər obyektlərə baş çəkmədiyi, onun ziyarətindən bir neçə gün sonra isə iki palmanın yoxa çıxdığı barədə danışıb.

Jurnalist bu xəstəxananı Bakı bazarı ilə müqayisə edib, fərq yalnız ondadır ki, bazarda xəstəxana yataqları quraşdırılmayıb. Eyni çirk-pas, eyni səs-küy və eyni basabas.

“Sizcə xəstələrdən pul istəmək bizim xoşumuza gəlir? Binanın və tibbi avadanlığın təmirini öz maaşımızdan ödəyiriksə, hansısa naməlum daxili xərclər üçün bizdən daim pul qopardırlarsa, pul tələb etməyə vadar ediliriksə, nə edək? Bizim şöbə müdiri bu sistemdə nəyisə düzəldə bilməz, bu, onun səlahiyyətlərini aşır”, deyə həkim jurnalistə bildirib.

Söhbət zamanı o, sözün əsl mənasında əldən düşmüşdü, həkim yerli “pulsuz tibbin” ağır vəziyyətindən çıxış yolu görmür. Ən yaxşı mütəxəssislər pullu klinikalarda işləməyə gedirlər, müalicənin baha olmasına baxmayaraq, orada ziyarətçi və xəstə daha çoxdur. Amma “pulsuz” xəstəxanalarda da pul xərcləmək lazımdır və insanlar şəraitin daha yaxşı olduğu – təmiz, yüksək səviyyəli avadanlıq və müalicə, keyfiyyətli qida olan və cəmi bir dəfə və yalnız kassaya ödəniş etməli olduğu xəstəxananı seçir.

Xəstəxanadan çıxan jurnalist küçədə avtobus gözləyirdi. 83 nömrəli marşrut avtobusu – köhnə və tüstü buraxan avtobus gəldi. Ön pillədə bütün alnını örtən kəkilləri olan oğlan dayanmışdı, o, asfalta sıçrayır və yarmarkadakı kimi xırıltılı səslə sərnişinləri çağırırdı.

Ardınca kosmik gəmiyə bənzəyən, kondisionerli salonu və ödənişi plastik kartlarla olan 6 nömrəli marşrut avtobusu gəldi. Elektron səs növbəti dayanacaqları sayır, sərnişinlər ön qapıdan minir və digər qapılardan düşür.

Dayanacaqda bir sərnişin məqalə müəllifi ilə söhbət edərək, iki fərqli avtobusu göstərib və izah edib ki, birinci avtobus elə belə geridə qalmış olaraq qalacaq, çünki Bakı şəhərinə sərnişinlərdən hesaba qatılmayan nağd ödəniş yığan marşrutlar lazımdır. Sərnişinin müqayisəsi Azərbaycanda mövcud olan iki tibb səviyyəsinə – ödənişli özəl və “pulsuz” dövlət tibbinə çox bənzəyirdi. Dövlət tibb müəssisələrində xəstələrdən pul alırlar, amma dövlətə hesabat vermirlər, köhnə və çirkli avtobus kimi.

 

TURAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az