[:az]Fevralın 28-də Bakının «Sovetski» deyilən ərazisində «Bizim yol» saytının əməkdaşı Ramid İbrahimov müdaxilə ilə üzləşib. Bunu R.İbrahimov özü bildirib.
Jurnalistin sözlərinə görə, Yasamal Rayonun Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin, Azərbaycan prospekti ilə M.Muxtarov küçəsi arasında yerləşən hissəsində əhali köçürülür. Onun bildirməsinə görə, söküntü işlərinə nəzarət məqsədilə sakinlərlə rayonun icra başçısı Əziz Əzizovun görüşü olub və hadisə də orada baş verib: «İcra başçısı gəldi, mən də jurnalist olaraq çəkiliş aparıram…»
R.İbrahimovun vurğulamasına görə, orada məhz rəhbərliyin göstərişi ilə onu mülkigeyimli şəxslər saxlayıblar: «Təzyiq göstərərək kameramı əlimdən aldılar. Mən Daxili İşlər Nazirliyinin «102» qaynar xəttinə zəng etdim».
Onun sözlərinə görə, polislər gələrək onu 26 saylı Polis Bölməsinə aparıblar.
«Burada məqsədin çəkiliş aparmaq olduğunu bildikdən sonra bunu anlaşılmazlığın yaranması ilə izah etdilər. Mənə deyirdilər ki, narahat olma, anlaşılmazlıq olub. Amma buna baxmayaraq, üç saata yaxın ac-susuz saxlandım, sonra da izahat işi apardılar və videokameranı da qaytararaq sərbəst buraxdılar»,-jurnalist bildirib.
Jurnalistin dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
Yasamal Rayon İcra Hakimiyyətindən bu deyilənlərdən xəbərsiz olduqlarını bildiriblər.
MEYDAN TV[:]