[:az]«Fevralın 23-də Gürcüstana gedərkən və oradan qayıdarkən sərhəddə xüsusi yoxlamalara məruz qaldım. Baş verənləri əsassız sayıram».
Bunu AzadlıqRadiosuna Azərbaycanda vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən biri Bəşir Süleymanlı bildirib.
Fevralın 23-də qohumumun dəfn mərasimində iştirak etmək məqsədilə Gürcüstana getdiyini deyən B.Süleymanlı vurğulayıb ki, «Sadıxlı» sərhəd-keçid məntəqəsində pasportu sistemə vurulan kimi heç bir səbəb göstərilmədən saxlanıb: «Heç bir izahat verilmədən rəisin otağına gətirdilər, üzərimdə axtarış apardılar, pulqabıma baxış keçirdilər. Gürcüstana niyə getdiyimi, çantamı soruşdular. Mən isə dəfnə getdiyimi, heç bir əşyamın olmadığını bildirdim».
B.Süleymanlının sözlərinə görə, onu saxlayanlar bu barədə dəfələrlə kiməsə məruzə ediblər, üzərində olan 92 manat pula görə gömrük bəyannaməsi yazıb: «Halbuki, oradan yüzlərlə adam keçir, heç kəsə bəyannamə yazdırmırlar. Bir saata yaxın orda ləngidəndən sonra azad olundum. Nəticədə Gürcüstana getsəm də, dəfnə çata bilmədim və 4-5 saatdan sonra geri qayıtdım».
B.Süleymanlı deyib ki, Azərbaycana qayıdarkən «Sınıq Körpü» sərhəd-keçid məntəqəsində pasportu sistemə daxil olan kimi yenidən saxlanıb: «Yenə kiməsə məruzə etdilər, 60 manata qədər pula görə yenə gömrük bəyannaməsi yazdırdılar və sonra sərbəst buraxıldım».
B.Süleymanlı vurğulayıb ki, 2015-ci ilin yayından ölkədən çıxışına qadağa götürülüb, o vaxtdan belə halla rastlaşmayıb. Deməsinə görə, dəfələrlə ölkədən xaricə çıxsa da, belə yoxlamaya məruz qalmayıb. «Bunu özümə təzyiq və siyasi ayrıseçkilik kimi qiymətləndirirəm»,-B.Süleymanlı deyib.
Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə insanların siyasi təzyiq və ayrıseçkiliyə məruz qalması ilə bağlı fikirlərlə razılaşmırlar.
Xatırlatma
B.Süleymanlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru olub.
2014-cü ildə o, iqtisadi cinayətlər ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq ittihamları qəbul etməyib. Sonradan o, vaxtından əvvəl azad olunub.
B.Süleymanlı hazırda Vətəndaş Hüquqları İnstitutunun rəhbəridir.
AzadlıqRadiosu ©[:]