[:az]Cahangir Hacıyev: O vaxt məndən 20 milyon avro istəyirdilər[:]

tərəfindən Gozetci

[:az]“Qırmızı xətti keçmək, o səviyyəyə düşmək istəmirəm”

“Heç olmasa, imkan verin, məhkəmədə danışım. Məni maraqlandıran odur ki, görəsən ittihamçılar bu işlə tanış olanda televizora baxıblar? Məni 4,7 milyardlıq mənimsəmədə ittiham edirlər. Bu rəqəm Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Şüarlarla danışmaqla deyil, fakt olmalıdır”.

Bu sözləri məhkəmədə “Azərbaycan Beynəlxalq Bankı” ASC”nin İdarə Heyətinin sabiq sədri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev deyib.
O, fevralın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

15 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılan üç il əvvəlki məhkəməsini də, indiki məhkəmədə prokurorun elan etdiyi ittihamları da “şou” adlandıran C.Hacıyev bildirib ki, ona yaxınlarıyla telefon danışığına belə imkan verilmir, hətta vəkillərilə də görüş hüququ məhdudlaşdırılır.

C.Hacıyev hesab edir ki, onu ittiham edən prokurorlar da, hökm çıxaracaq hakimlər də bu cinayət işini oxumayıblar: “Dövlət ittihamçısı cinayət işinin 365 cild olduğunu deyir. Amma iş 361 cilddir”.

C.Hacıyev haqqında cinayət işinin istintaqını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aparıb. Təqsirləndirilən sabiq bank rəhbəri isə bildirir ki, onlarla hələ 14 il əvvəldən aralarında ədavət olub: “Bandotdel”in 2005-ci ildən mənimlə ədavəti var. O vaxt məndən 20 milyon avro istəyirdilər. İndi də eyni adamlardır”.

C.Hacıyev bildirib ki, onu 4.7 milyardlıq mənimsəmədə ittiham edirlər, lakin bu vəsaitlərin ona çatdığını təsdiqləyən heç bir sənəd, ifadə yoxdur.

C.Hacıyev Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin onu mənimsəmədə ittiham edən birgə açıqlaması haqda da danışıb. Bildirib ki, o, dövlət məmuru olmayıb, Beynəlxalq Bank da büdcə təşkilatı deyildi. Sadəcə, bankda dövlətin payı 50.2 faiz olub:

“Mən prezidentin sərəncamı ilə təyin olunmamışam. Dövlətdən yalnız nizamnamə kapitalı alınıb, onun da müqabilində dividendlər verilib. Mən dövlət məmuru olmamışam.
Prezident sərəncamlarından da görünür ki, bankları Mərkəzi Bank yoxlaya bilər, Daxili İşlər Nazirliyi yox. Bu cinayət işi mənim keçmiş müavinim Emil Mustafayevin bir məktubu əsasında başlanıb. Ona bu məktub göstərişini kim vermişdi? Əgər verilmiş kredit qaytarılmırsa, bunun üçün qanunda müəyyən tədbirlər nəzərdə tutulub. Qanuna görə, kreditlərin qaytarılmasında problem varsa, məhkəməyə verilə bilər, əmlaka yönəldilər. Tədbirlər nəticə vermədikdə isə bu hal üçün də ümidsiz kreditlərin silinməsi anlayışı var. Bəs bu işə niyə hüquq-mühafizə orqanları qoşulub? Məsələ aydındır”.

C.Hacıyev bildirib ki, bir neçə il öncə Vergilər Nazirliyi Beynəlxalq Bankda ciddi yoxlamalar aparıb. Yoxlamalar bir neçə illik dövrü əhatə edib. Araşdırma çərçivəsində bir neçə cinayət işi başlanıb, lakin sonradan prokurorluq özü həmin cinayət işlərinə xitam verib:

“İş materiallarında vergilər nazirinin müavini Natiq Əmirovun daxili işlər nazirinin müavini Vilayət Eyvazova məktubu var. Göstərilib ki, Beynəlxalq Bankla bağlı 37 cinayət işinə 18 qərarla xitam verilib. Çünki cinayət tərkibi olmayıb. İndi o dövrlə bağlı ittiham veriblər. Cinayət vardısa, niyə xitam verirdiz? İttihamda hər yerdə yazılıb ki, “Cahangir Hacıyevin göstərişilə”. Kimə göstəriş vermişəm, nə demişəm? Demişəm ki, o pulları mənə gətirin, ya hesabıma köçürün?

İttihamda yazıblar ki, guya layihələrin dayanıqlılığı müəyyən edilmədən kreditlər verilib. Siz o kreditlərin, layihələrin tarixinə baxın. Onlar ölkədə 600 min iş yeri yaradılmasına dair dövlət proqramı çərçivəsində verilib”.

Təqsirləndirilən sabiq bankir deyib ki, onun və bir neçə başqa təqsirləndirilən şəxsin, o cümlədən Dünyamin Xəlilovun istintaqa təqdim etdiyi, onların təqsirsizliyini sübut edən sənədlər qəbul olunmayıb. Təqsirləndirilən digər 21 nəfərdən əksəriyyətini tanımadığını deyən C.Hacıyev bildirib ki, buna baxmayaraq, onlara mütəşəkkil dəstə ittihamı verilib.

O, kredit verilən şirkətlərin sonrakı taleyindən də danışıb: “Deyəsən, bunlara elə gəlir ki, bankda məndən başqa adam olmayıb, hər işi mən görməliydim. Bəs onda işçilər nə üçündür? Prokurorluqda bütün işləri Baş prokuror görür? Bizim dövrümüzdə kredit verilən bir çox şirkət var ki, indi götürüb adlarını dəyişiblər. Adı dəyişməklə deyil axı… Belə şey ola bilməz ki, aktivləri götürəsən, passivləri yox. Aktivlərlə passivlər birlikdə olmalıdır. Aktivləri götürürlər, deyirlər, borcu siz ödəyin”.

C.Hacıyev bildirib ki, o, 2015-ci ilin martında öz ərizəsilə işdən çıxıb. Ondan sonrakı dövrdə bank zərərlə işləyib: “2014-cü ili 40 milyon xalis mənfəətlə başa vurmuşduq. Məndən sonra 2015-ci ildə 823 milyon zərər olub. 2016-cı ildə zərər 1.6 milyarda çatıb. Bunu özümdən demirəm, bankın saytında hesabat dövrünə aid rəqəmlər var. Banka mən ziyan vurmamışam, məndən sonra ziyan vurulub, kapital azalıb. Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də “Akkord”a verilən kreditləri çıxsaq, cəmi 2 milyard qalırdı. Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, dağıdıb, axı bu halda da 2 milyarddan artıq dağıtmaq olmazdı. Bankdan 2 milyard gedibsə, bizdən sonra dövlətdən niyə 12 milyard aldılar? Hanı bu vəsait? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır? Əsl cinayət budur. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə deyil.

İstintaq orqanı mənim işimlə əlaqədar dünyanın ən böyük hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb. 1 milyon pul ödəyiblər ki, mənim əmlaklarımı axtarıb tapsınlar. Heç nə də tapmadılar”.

Prokuror bildirib ki, hüquq şirkətilə müqavilə bağlanması barədə səslənən fikir absurddur. Belə hal yoxdur”.

C.Hacıyev öz fikrində qalıb. İfadəsini isə belə yekunlaşdırıb: “Səməd Vurğunun bir fikri var:

Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
Unutmayın, vaxt gələcək bu kürsüdə əsl cinayətkarlar oturacaq”.

Daha sonra C.Haclyev prokurorun və vəkillərin suallarını cavablandırıb. Prokuror ondan Dünyamin Xəlilovla münasibətləri barədə soruşub. O bildirib ki, D.Xəlilovu gənclik illərindən tanıyır. Amma biznes əlaqələri olmayıb:

“Onun şirkət rəhbəri olduğunu bilirdim. Azərbaycan ərazisində müəyyən layihələr vardı, idarəçilik üçün ümumi holdinq yaradılmışdı. Bir çox layihəyə Dünyamin Xəlilov rəhbərlik və nəzarət edirdi. Mən tapşırmışdım. Amma o, tək deyildi. Beynəlxalq Bankın məsul işçiləri də nəzarət edirdi ki, kreditlər təyinatı üzrə xərclənsin”.

İttihamda yazılıb ki, D.Xəlilovla C.Hacıyevin dostluq münasibətləri olduğundan sabiq bank rəhbərinin göstərişilə onun şirkətlərinə kreditlər ayrılıb. Prokuror dəfələrlə bu haqda soruşub. C.Hacıyevin cavabı belə olub:

“Mən bilirəm siz sözü hara çəkirsiz. Amma biləsiniz, qırmızı xətlər var ki, onları keçmək istəmirəm. Nə demək istədiyimi başa düşürsüz. Məni o xətləri keçməyə məcbur etməyin. Mən bir-bir sadalayım ki, başqa göstərişləri də kimlər verib?”

C.Hacıyıyev digər təqsirləndirilən İsmayıl Hidayətzadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını təsdiqləyib: “Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib”.

Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pulların hamısı Azərbaycana qayıdıb:

“Bu layihələr Azərbaycana ancaq xeyir verib”.

Təqsirləndirilən şəxslərdən Zaqatala Olimpiya Kompeksini Arif Ramazov da məhkəmədə ifadə verib. O bildirib ki,

2008-ci ildə Kompleksin açılışı olub və o vaxtdan direktor vəzifəsinə təyin edilib:

“Bütün tapşırıqları Dünyamim Xəlilovdan almışam. Aylıq əməkhaqqım 300-600 manat arası olub. İşlədiyim dövrdə bütün sənədlərlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm”.

A.Ramazanov deyir ki, “Simurq” futbol klubunun ev oyunları keçirdiyi stadionun tikintisini də onlar həyata keçirib:

“Həmin tikinti başa çatmadı. Bu səbəbdən Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Krediti gedib götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib”.

A.Ramazanov əlavə edib ki, Zaqatala Olimpiya Kompeksinə direktor vəzifəsinə namizədliyini C. Hacıyev vermişdi.

Məhkəmə fevralın 11-də davam edəcək.

Meydan Tv[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az