[:az]“Otağa salıb dedilər ki, bax, bu gördüklərin cəlladlardır. Buradan heç kim sağ çıxmır, çıxanların da orqanları sıradan çıxır. Bunu deyib, ayağımın arxasından təpiklə vurdular, yıxıldım. Əllərim qandallı, dizüstə saxlayıb döydülər. Boynumun arxasından vururdular. Gördülər, istədiklərini eləməyə razılaşmıram, məni yuxarı qaldırıb başqa bir otaqda toka verdilər…” – bunları AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Aqil Məhərrəmov yanvarın 22-də məhkəmədə danışıb.
O, AXCP-nin Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli ilə birlikdə mayın 25-də həbs olunub.
Onlar Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan işadamı, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin göndərdiyi pulları onun qardaşı oğlundan götürüb, Əli Kərimliyə çatdırmaqda ittiham edilərək, həbs olunublar. Bu beş nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
“Məni aparanda qonşular da gördülər”
Aqil Məhərrəmov yanvarın 22-də məhkəmədə ifadəsində deyib ki, mayın 25-də evdə tək olarkən mülki geyimlilər gəliblər, evdə axtarış aparıblar:
“Hətta toyda Əli Kərimli və başqa partiya funksionerləri ilə çəkdirdiyimiz fotoları, partiya ilə bağlı köhnə, yararsız sənədləri, kompüterimi də götürdülər. Mən ehtimal edirdim ki, evə narkotik, silah atıb, onları da “tapacaqlar”, amma bunu eləmədilər. Məni aparanda qonşular da gördülər, amma sənədlərdə yazıblar ki, guya başqa yerdə tutublar”.
Aqil Məhərrəmov deyir ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər.
Orada Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev özünü təqdim edib, ondan telefonuna baxış keçirmək üçün onun kodunu istəyib. Aqil Məhərrəmov kodu verməkdən imtina edib və deyib ki, öz vəkili gəlsin, onun yanında baxış keçirilsin:
“Mən “banditizm”də vəkilimi tələb edəndə dedilər ki, mümkün deyil, dövlət hesabına vəkil veriləcək. Sonra Hüseynov Səfər Gülüm oğlu gəldi, ona vəkil deməyə də adamın dili gəlmir. Öz peşəsinə hörmət eləməyən adama mən necə hörmət eləyim? Bu vəkilin yanında iki nəfər gəlib məni ikinci mərtəbəyə qaldırdı. Orada əməliyyatda iştirak edən iki nəfərdən başqa bir polkovnik də vardı. Onu tanıdım – martda inzibati həbsdə olanda o, təcridxanaya gəlib, beş saat mənimlə söhbət eləmişdi. İnandırmağa çalışırdı ki, “sən yaxşı oğlansan, antimilli insanlara qoşulma, bizim tərəfə keçsən, yaxşı olar sənin üçün, yoxsa, 5-6 il gedərsən, ağlın başına gələr”.
“İşgəncə izlərini “Beynəlxalq Qırmızı Xaç”ın əməkdaşlarına da göstərdim”
Aqil Məhərrəmovun sözlərinə görə, həmin polkovnik şəxsən onu döyməyib, amma döyənlərə göstəriş verib.
AXCP fəalı deyir ki, onu döyənlərə səhhətində problemlər olduğunu deyib. Cavab verilib ki, “bunun bizə aidiyyəti yoxdur”.
Döymək nəticə verməyəndə onu elektrik cərəyanı üçün başqa bir otağa aparıblar:
“Həmin o (polkovnik) Vasif onlara dedi ki, “bunu yaxşı tanıyıram, tərsdir, şapalaqla alınmayacaq, qaldırın yuxarı”. Gətirdikləri otaqda baş və orta barmağıma naqil bağladılar. Birinci dəfə cərəyan buraxanda özümü sıxıb dözdüm, qışqırmadım. Sonra toku artırıb, ardıcıl verdilər. Qışqırıb stuldan yıxıldım, dözə bilmədim. Tokun təsirindən qollarımdakı xırda damarlar partlamışdı. Pulların Əli Kərimliyə çatdırılması barədə ifadəyə qol çəkməyə, telefonun kodunu verməyə razılaşdım”.
Aqil Məhərrəmov deyir ki, bu hadisələr baş verəndə Ramazan ayı idi, onu döyənlər də oruc tuturmuş:
“Dedilər ki, günahın olmasaydı, Allah səni bizim kimi oruc adamların əliylə cəzalandırmazdı… Üzərimdəki işgəncə yerləri uzun müddət qalmışdı. Təcridxanada Beynəlxalq Qırmızı Xaçın nümayəndələri yanıma gələndə onlara da göstərdim”.
Aqil Məhərrəmov bildirib ki, valideynləri Rusiyada yaşayır, özü də dəfələrlə orada olub. Elə orada olarkən sabiq icra başçısı Saleh Rüstəmli ilə tanış olub:
“Onun adını ləyaqətli adam kimi eşitmişdim. Tanış olduq, 90-cı illərdə baş verənlərin, Qarabağ döyüşlərinin canlı şahidi kimi, mənim üçün də maraqlı adam idi”.
Məhkəmə prosesi yanvarın 23-də davam edəcək.
Xatırlatma
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədr əvəzi, Qarabağ döyüşçüsü Babək Həsənov mayın 25-də saxlanıblar.
Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.
Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.
Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.
Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdular. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.
Əli Kərimlinin sözlərinə görə, Saleh Rüstəmlinin ona göndərdiyi maddi yardım ümumilikdə 5-6 min manatdan çox olmayıb.
AzadlıqRadiosu[:]