[:az]Bakıda Neftçilər metrosunun yaxınlığında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları və digər ictimai-siyasi fəallar həbsdə olan bloger “Mehman Hüseynova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə piket keçirib.
Piketə polis müdaxilə edib və iştirakçıların əksəriyyəti saxlanılaraq polis şöbələrinə aparılıb. Saxlanılanlar arasında jurnalistlər Fərid Abdinov (Azad söz saytı), Əfqan Sadıqov (Azel.tv saytı), Nurlan Qəhrəmanov (Kanal13 internet televiziyası), Sevinc Vaqifqızı (müstəqil jurnalist) da var.
Piketçilərdən biri Amerikanın Səsinə bildirib ki, polis müdaxiləsinə baxmayaraq, etiraz aksiyası baş tutub.
“Biz həbs təhlükəsi olmasına baxmayaraq, qorxmadan siyasi məhbuslara dəstəyimizi ictimai diqqətə çatdırdıq”, o qeyd edib.
Rəsmi qurumlar piketlə bağlı hələ məlumat yaymayıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Hüquq müdaifə təşkilatları ölkədə 150 siyasi məhbusun olduğunu bildirir.
Bununla yanaşı, rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini desə də beynəlxalq təşklatlar Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Amnesty İnternational Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.
AMERİKANIN SƏSİ
[:]