[:az]Tarixdə ilk qadın prezident və onun ‘’kirli savaşı’’[:]

tərəfindən Gozetci

[:az]

Böyük salonda böyük bir masa. Üzərində bir tabut. Tabutun içində 19 il əvvəl vəfat etmiş bir qadının mumyalanmış cəsədi. O tabut artıq iki ildir ordadır. Hərdən onun içində ikinci qadın da peyda olur, amma ölü yox, diri. O, 3 il sonra Argentinanın prezidenti olacaq. Tabuta uzanır ki, “Evitanın sehirli vibrasiyalaranı” bədəninə hopdursun. Ölü qadının saçlarını da hər gün bu məqsədlə darayır.

Doğrudanmı, belə olub, yoxsa, bu, bir şəhər əfsanəsidir? Bilmirəm. Bir neçə yazıda real olaymış kimi yazılıb, amma biz bir şübhə yeri də saxlayaq.

****

Tarixdə ilk qadın prezident İsabel Peron Argentinanın ondan əvvəlki prezidenti Xuan Peronun 3-cü arvadı olub. Onu bu zirvəyə gətirib çıxaran səbəbi ən ümumi şəkildə belə ifadə etmək olar – “lazımi vaxtda lazımi yerdə olmaq”.

Əvvəllər iki çevrilişdə iştirak etmiş Xuan Dominqo Peron (1895-1974) başqalarının aşına tökdüyünü bir gün özü də yemək məcburiyyətində qalmış, ikinci prezidentliyi dönəmində hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırılmış (1955) və canının qorxusundan İspaniyaya qaçmalı olmuşdu. Onun üçün qapanan bir səhifə başqa birisi üçün yeni səhifəyə çevrilmişdi.

****

Mariya-Estela Martines Kartas Argentinanın əyalət şəhəri olan La-Rioxa şəhərində, orta gəlirli bir ailədə anadan olmuşdu (1931). Bankda işləyən valideynləri qızlarına yaxşı təhsil vermək üçün, o, doğulandan 7 il sonra paytaxt Buenos-Ayresə köçmüşdülər. Mariya-Estela 5-ci sinifdə oxuyanda atası rəhmətə gedir. Bəzi mənbələrdə qızcığazın elə o il məktəbdən getməsi məhz bu hadisəylə – ailə başçısının ölümündən sonra yaranmış maddi çətinliklərlə əlaqələndirilir, amma onun təhsilə xüsusi həvəs göstərmədiyini, hələ kiçik yaşlarından səhnəyə can atdığını, məktəbi də buna görə tərk etdiyini qeyd edənlər də var.

Ya zəlzələdən, ya vəlvələdən, Mariya-Estela təhsilə “əlvida” deyib, günün birində İspaniyaya yollanır, gecə barında “İsabel” ləqəbiylə rəqqasə işləməyə başlayır. O, özünə himayəçi seçdiyi müqəddəs İzabellanın şərəfinə bu ləqəbi götürmüşdü .

Rəsmi versiya budur ki, gənc qız Xuan Peronla 1959-cu ildə, Panamanın əyləncə məkanlarının birində rastlaşıb. Peronun ondan 35 yaş böyük olması Mariya-Estelanı eks-prezidentin sevgisini qəbul etməyə mane olmayıb. Bir il sonra Xuan Peron üçün vətənə qayıtmaq fürsəti yaranıb, evlilik barədə düşünməyən Peron onu Argentiya öz katibi adıyla aparıb. Tezliklə onların münasibəti ictimaiyyətə bəlli olub və Roma katolik kilsəsinin təzyiqilə 1961-ci ildə sevgililər evləniblər. Xalq arasından çıxmış sadə qızın böyük siyasətə qanlı “səyahəti” belə başlayıb.

Xuan Peronun əvvəlki arvadı Evitaya zahirən çox bənzəyən İsabel əslində siyasətlə maraqlanmırdı, amma vitse-prezident olmasına əngəllər törədilmiş Evitanı üstələmək, argentinalıların böyük sevgisini qazanmış sələfini kölgədə qoymaq üçün həmin statusu qazanmaq istəyir. 1973-cü ildə üçüncü dəfə prezident seçilən Peron arvadının təzyiqi qarşısında duruş gətirə bilməyib siyasi təcrübəsi və hətta düz-əməlli təhsili də olmayan bu qadının vitse-prezidentliyinə nail olur. Tezliklə İsabel Peron bu statusla xarici ölkələrə yollanır, Cənubi Amerika ölkələrində və İspaniyada olur. Elə həmin il Peronun səhhəti tez-tez pisləşir, qocalıb əldən düşmüş prezidenti belə günlərdə İsabel əvəz edir.

1974-cü ilin yayında – prezidentliyinin bir ili hələ tamam olmamış 78 yaşlı Peron ürək tutmasından vəfat edir və rəhbərlik avtomatik olaraq İsabelə keçir. İsabel “xalqın mənəvi lideri” Evita qədər ağıllı və xarizmatik olmasa da, ilk günlərdə xalq onu da dəstəkləyir.

Haşiyə: 22 yaşlı Evitayla 48 yaşlı Xuan Peron 1943-cü ildə evlənmişdilər. Radioda işləyən və kifayət qədər tanınmış biri olan Evita birinci ledi olandan çox az müddət sonra argentinalıların sevgisini qazanmış, həyatının son gününə qədər bu sevgini qoruyub saxlaya bilmişdi (Evitanın bioqrafiyası daha zəngin və daha maraqlıdır, gələcəkdə onun haqqında da yazacam – hakimiyyətin imkanlarından xalqın xeyrinə yararlanmaq nümunəsi kimi). Müasirlərinin dediyinə görə, İsabel Peron gizli şəkildə ona pərəstiş edir, onun yerini tutmağa çalışırmış.

Bütün əsas partiyalar, o cümlədən Kommunist Partiyası, həmkarlar ittifaqları, ordu və hətta terrorist təşkilatlar da İsabelin namizədliyinə tərəfdar çıxırlar. Xalqa müraciətində, o, ərinin iqtisadi və sosial siyasətini davam etdirəcəyini bildirir, xalq xoşbəxt olur. Amma bu idilliya uzun çəkmir, sol baxışlı rəhbər işçilərin işdən çıxarılması və ardınca gələn siyasi qətllər ölkədə etiraz dalğaları yaradır, fəhlələr tətil aksiyalarına başlayırlar.

1974-cü ilin payızında İsabel Peronun 3-4 ay əvvəlki reytinqindən artıq əsər-əlamət belə qalmamışdı. Bunun əsas günahkarlarından biri isə Xose Lopes Reqaydı – İsabelin yaxın dostu, hakim komandaya məhz onun israrıyla daxil edilmiş başkəsən. İsabel “Cadugər” ləqəbli bu okkultist filosofla 1965-ci ildə tanış olmuş və ciddi səviyyədə onun təsiri altına düşmüşdü. Siyasətdən anlamayan arvadını siyasi olimpin zirvəsinə qaldırması azmış kimi, Xuan Peron bu məsələdə də onun tələbinə əməl etmiş, keşmiş polis işçisi, mason və sehirbaz Reqanı yanına çəkmişdi. O, tezliklə Peron ailəsinin ulduzlar üzrə məsləhətçisinə çevrilmiş, onlara gələcəkdən “xəbərlər” verməyə başlamış və İsabelin israrları sayəsində bir müddət sonra Peronun katibi vəzifəsinə təyin edilmişdi. Amma “Cadugər” dərhal öz sahəsi üzrə fəaliyyətə keçmişdi – 400-ə yaxın siyasi qətl törətmiş “Argentina Antikommunist Alyansı” (AAA) adlı ultra-sağ terror təşkilatını yaratmışdı. Xalq arasında “ölüm eskadronu” adlandırılan bu təşkilatın qurbanları arasında tanınmış simalar, o cümlədən eks-prezident Arturo Frondzinin qardaşı Rodolfo Orteqi, Çili ordusunun keçmiş baş komandanı Karlos Parts, Kordova qubernatoru Atiliya Lopes, senator Xipolito İriqoyen və başqaları da vardı.

Belə gərgin vəziyyətdə Reqanın sosial təminat naziri təyin edilməsi ölkədəki narazılığı daha da artırır. Amma o, buna məhəl qoymur, kütləvi informasiya vasitələrini öz radikal siyasətinin təbliğatı işinə səfərbər edir. İş o yerə gəlib çatır ki, artıq Reqa kilsəyə nifrətini də açıq şəkildə ifadə etməyə başlayır. Əhalisinin böyük əksəriyyəti katolik olan Argentinada, bu, heç qəbuledilən deyildi. Onun Liviya diktatoru Müəmmər Qəddafi (1969-2011); Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü, “Keçmiç SS üzvləri təşkilatı” şəbəkəsinin rəhbəri, avstriyalı general Otto Skorseni və italiyalı faşist Lisio Gelliylə korrupsiya əlaqələrinin üzə çıxması vəziyyəti daha da qəlizləşdirir.

Yeri gəlmişkən, o dövrdə Argentinada həm də sol eksterimizm tüğyan edirdi. 1968-ci ildə yaradılmış gizli “Montoneros” təşkilatının üzvləri eks-prezident Pedro Aramburunu, Argentina Ümumi Əmək Konfederasiyasının sədri Xose İqnasio Russini, inşaatçı fəhlələrin həmkarlar ittifaqının sədri Poxelio Korianı, keçmiş daxili işlər naziri Arturo Rojini, ABŞ konsulu Con İqanı və yüzlərlə başqalarını qətlə yetirmişdilər. Daha bir terror təşkilatı Argentinanın kommunistyönümlü İnqilab Partiyasının hərbi qanadı olan İnqilabi Xalq Ordusuydu (İXO).

Kazarmalara hücumlar; Ali Məhkəmənin sədri Xorxe Kiroqanın, naşir Devid Kraysberqin, yazıçı Cordan Bruno Gentanın, “FİAT Concord”un Argentina şöbəsinin baş direktoru Oberden Solastronun və digərlərinin qətli İXO-nun “əl işiydi”.

Xanım Peron ölkədəki xaosu durdurmaq əvəzinə ondan öz maraqları üçün yararlanmağa çalışır, necə deyərlər, bulanıq suda balıq tuturdu. Onun başlatdığı və ondan xeyli sonra bitmiş “kirli savaş” (1974-83) vasitəsilə rejim ekstremizmlə mübarizə adı altında bütün rəqiblərini sıradan çıxarır, bir çoxunu öldürürdü.

Bu arada ölkədə iqtisadi vəziyyət də getdikcə pisləşirdi. Durmadan artan büdcə defisiti fonunda tətbiq edilmiş “şok terapiyası” pesonun (Argentinanın milli pul vahidi) dəyərini iki dəfə azaltmış, kövrək maliyyə balansını pozmuşdu. 1975-ci ilin may-avqust aylarında istehlak qiymətləri iki dəfə artmış, fəhlələr buna iki günlük tətillə reaksiya vermişdilər. Reqanın ofisi qarşısında da aksiyalar keçirilmişdi. Buna görə də İsabel Peron onu dərhal İspaniya səfiri təyin etmiş və Reqan tez-tələs ölkəni tərk etmişdi. Prezident digər problemlərə eyni həssasiyyəti göstərmədiyi üçün investisiyalar sürətlə azalmaqda davam etmiş və bu, iqtisadiyyatda kəskin resessiyaya səbəb olmuşdu.

Ticarət defisistinin rekord həddə (1 milyard ABŞ dolları) çatması valyuta ehtiyatlarını, demək olar ki, sıfırlamışdı. 5 milyard ABŞ dolları təşkil edən büdcə defisiti, kənd təsərrüfatı və kommersiya sektorlarında baş verən lokautlar qiymət artımını sürətləndirmişdi.

“Şok terapiyası” siyasətinin sonrakı ildə də davam etdirilməsi (kommunal xidmət tariflərinin və sair qiymətlərin kəskin artışı) devalvasiyanı qaçılmaz etmiş, ilin əvvəliylə müqayisədə inflaysiyanın 700%-ə çatmasına səbəb olmuşdu.

İsabel Peron yerini möhkəmlətmək üçün fövqəladə vəziyyət elan edəndə artıq geciydi, ölkəni qaydasız döyüş stilində idarə edən bu qadın qısa zamanda elə səhvlərə yol vermişdi ki, sonda ənənəvi dəstəkçiləri də ondan üz çevirmişdi. “Həmrəylik” (“Cruzada de Solidaridad”) xeyriyyə aksiyaları vasitəsilə öz hesabına külli miqdarda pul köçürməsi Konqresdə araşdırmayla nəticələnmiş, xanım Peronun bu qurumdakı tərəfdarlarının ondan uzaqlaşmasına gətirib çıxarmışdı. Eyni zamanda komandasında da yarpaq tökümü başlamışdı – daxili işlər naziri Anxel Pobledo (onun əsas dayağı) istefa vermiş, Buenos-Ayresin qubernatoru növbəti seçkilərdə İsabel Peronun namizədliyini irəli sürməyəcəklərini açıqlamışdı.

Amma rəqibləri seçkilərə qədər gözləmədilər. 1976-cı ilin fevral ayında Radikal Vətəndaş İttifaqı (RVİ) Konqresdə prezidentin impinçmenti məsələsini qaldırdı, bu, baş tutmadığına görə “Montoneros” təşkilatı bir ay sonra ordu qərargahında bomba partlatdı. RVİ-nin lideri Rikardo Balbin qərargah rəisi Xorxe Videlayla görüşüb “Çevriliş hazırlayırsınızsa, tələsin. Buna görə sizi alqışlamayacağıq, amma mane də olmayacağıq”,- dedi (Videla Xuan Perona qarşı çevrilişdə iştirak etmiş hərbiçilərdəniydi, amma İsabel onu o cür yüksək posta gətirməyi yaxşı qərar hesab etmişdi, həm də öz tərəfdarını o postdan kənarlaşdıraraq). Həmin ərəfədə ordu rəhbərliyi artıq “Qoç əməliyyatı” adlı çevriliş planına razılıq vermişdi.

23 mart 1976-cı ildə gec saatlarda işdən çıxıb Kinta-de-Olivosdakı rezidensiyasına getmək istəyən xanım Peronu prezident vertolyotu Hərbi Hava qüvvələrinin beynəlxalq Xorxe Nyuberi aeroportundakı bazasına gətirdi. Orda ona vəzifəsindən kənarlaşdırıldığını və həbs edildiyini bəyan etdilər (Videlanın rəhbərlik etdiyi hərbi xunta bütün səviyyələrdəki peronist məmurları işdən qovdu, bir çoxunu birdəfəlik yox etdi. Yeni rəhbərlik sonrakı 5 ildə İsabel Peronun dövründəkindən daha böyük cinayətlər törətdi – dissidentlərin, siyasi opponentlərin, hətta qadınların və uşaqların da kütləvi şəkildə oğurlandığı, vəhşicəsinə öldürüldüyü o dönəmdə 9-30 min arası insan məhv edildiyi bildirilir). Beləliklə, Peron cadular, qətllər və siyasi reveranslarla qoruyub saxlamağa çalışdığı hakimiyyətini itirmiş oldu.

Xunta onu ev dustaqlığına məhkum etdi. Beş il Villa La Anqostura şəhərində və digər gözdən uzaq yerlərdə yaşayandan sonra İsabel İspaniyaya sürgün edildi. Sədri olduğu (əsası Xuan Peron tərəfindən qoyulmuş) Ədalət Partiyasının rəhbərliyindən, o, ancaq 1985-ci ildə – devriləndən az qala on il sonra getdi. Bundan iki il əvvəl xuntanın hakimiyyəti bitmiş və prezident seçkisi keçirilmişdi, amma tərəfdarlarının seçkidə iştirak təklifini xanım Peron qəbul etməmişdi.

Xuntadan sonrakı hakimiyyət ona qarşı korrupsiya ittihamlarını ləğv etdi, elə həmin il (1983) Peron yeni seçilmiş prezident Raul Alfonsanın inauqurasiya mərasimində fəxri qonaq statusunda iştirak etdi. Bir il sonra onu prezident və müxalifət liderləri arasındakı danışıqlara dəvət etdilər. O gəldi, prosesdə iştirak edib partiyası və hakimiyyət arasında ilkin əməkdaşlığı dəstəklədi. Növbəti dəfə İsabel Argentiya 1988-ci ildə – Xuan Peronun əmlak bölgüsüylə bağlı vəsiyyətnaməsi ətrafında gedən mübahisəyə görə qayıtdı.

Amma 2006-cı ildə tale yenə ondan üz döndərdi. Mendos məhkəməsinin hakimi İsabelin və nazirlərinin ozamankı qətllərlə bağlı ifadə verməsini tələb etdi. 12 yanvar 2007-ci il tarixdə xanım Peron yaşadığı Madrid şəhərində həbs edildi. Onu siyasi fəal Ektor Qalleqonun itkin düşməsində və 6 oktyabr 1975-ci il tarixli dekretində Silahlı Qüvvələri “təxribatçı elementləri məhv etməyə” çağırmaqla səbəb olduğu qətllərdə günahlandırırdılar.

İtkin düşənlərlə bağlı komissiyanın 1984-cü ildə dərc edilən hesabatına görə, Peronların 1973-76-cı illərdəki hakimiyyəti zamanı 600 nəfər itkin düşüb, 500 nəfər öldürülüb. İnsan haqlarını müdafiə təşkilatlarının hesablamalarına görəsə, İsabelin hakimiyyət illərində “ölüm eskandronu” tərəfindən 1500-ə yaxın solçu fəal məhv edilib.

Amma 28 mart 2008-ci ildə İspaniya Milli Məhkəməsi xanım Peronun bu cinayətlərdə əli olduğunu sübut edən faktların yetərsizliyini, onun əməllərində insanlığa qarşı cinayət elementlərinin olmadığını və üzərindən 20 il keçməsi səbəbindən iddia müddətinin bitdiyini əsas gətirərək, onun Argentinaya ekstradisiya tələbini geri çevirdi.

21 iyun 2017-ci ildə isə eyni mövqeni Argentina Ali Məhkəməsi sərgilədi. İsabel Peronun təqsirkar və ya şahid qismində sorğuya çəkilməsi tələblərinə hakimlər yekdilliklə “yox” dedilər.

Beləliklə, tarixə təkcə ilk qadın prezident kimi yox, həm də rəqiblərinə qarşı “kirli savaş” başladan Argentina prezidenti olaraq düşmüş bu şəxs qanun qarşısında cavab verməkdən yayına bildi. Ümid edək ki, özündən sonra da çalışan cəza maşınının minlərlə argentinalını məhv etməsi onun heç olmasa yuxularını qarışdırır.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az