[:az]Babək Cabbarlı hazırda rayon polis şöbəsindədir”
Beyləqan rayonunun Birinci Şahsevən kəndinin sakini Babək Vəli oğlu Cabbarlının saxlanıldığı bildirilir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, martın 9-da günorta saatlarında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları onu oturduğu kafedən zorla aparıblar. Səbəb kimi isə martın 10-da müxalif qüvvələrin təşkil etdiyi mitinqə qatılmaq istəməsini göstəriblər.
“Babək Cabbarlı hazırda rayon polis şöbəsində saxlanılır. Mitinqə görə adam tutarlar? İstəyirik bu məsələ ictimailəşsin ki, onu başqa maddə ilə şərləməsinlər” – deyə adının açıqlanmasını istəməyən kənd sakini deyib.
Beyləqan Rayon Polis Şöbəsindən Meydan TV-nin suallarını cavablandırmayıblar, DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görüblər. Sözügedən qurumdansa məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Bu, ilk hal deyil. Əvvəlki illərdə keçirilmiş mitinqlər öncəsi və sonrası da fəal insanların saxlanılması halları qeydə alınıb. Milli Şuranın ötən ilin avqust və oktyabr aylarında keçirdiyi mitinqlərə görə də polisə çağırılanlar və saxlanılanlar olub.
Artıq bir neçə gündür ki, ictimai-siyasi fəallar polis bölmələrinə çağırılır, onlara xəbərdarlıqlar edilir.
Milli Şura və Müsavat Partiyası martın 10-da saat 15-dən 17-dək “Məhsul” stadionunda aksiya keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçıların müraciətinə müsbət cavab verib.
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) isə icazəli mitinqin təşkilatçılarına xəbərdarlıq edib:
“’İğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək”.[:]